"Trendyol"dan niyə bəzi məhsullar Azərbaycana BİRBAŞA ÇATDIRILMIR? - SƏBƏB

trendyoldan-niye-bezi-mehsullar-azerbaycana-birbasa-catdirilmir-sebeb-1702280869
|
|

Artıq bir müddətdir ki, Türkiyənin ən məşhur onlayn satış platformalarından biri olan "Trendyol" sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb. Türkiyədən Azərbaycana sifarişlərin birbaşa çatdırılması müştərilərin işini asanlaşdırsa da, bəzi geyim markaları və eyni zamanda məhsul növlərinin ölkəyə göndərişi həyata keçirilmir. "Trendyol"un bu qadağası müştərilər tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrdə "Trendyol"a bu qadağanın ölkəmizdə monopolya meyllərinin təzahürü olduğu iddia olunur.


Bəs “Trendyol” niyə bəzi məhsulları Azərbaycana birbaşa çatdırmır?


Məsələ ilə bağlı danışan marketoloq Müşfiq İskəndərov Referans.az-a bildirib ki, Trendyoldan bəzi məhsulların birbaşa çatdırılmamasının səbəbi ölkədəki ticari davranışların daha da yüksəldilməsidir:


“Tez-tez mediada da belə hallara rast gəlirdik ki, Trendyolda hər hansı bir məhsulun qiyməti 6 manat olduğu halda Azərbaycan bazarında bu 25 manatadır. Bunun fonunda da avtomatik olaraq ticarət sahibləri, beynəlxalq markaların nümayəndələri ölkədə etiraz edirlər və bu etirazların nəticəsində də Trendyol bəzi markalar üzrə Azərbaycana birbaşa çatdırılmaya məhdudiyyət qoyur. Hətta Trendyol Azərbaycana birbaşa çatılmaya açılandan bəri ölkəyə çatdırılmayan birbaşa məhsullar var idi. Bu daha çox tekstil (Tekstil bitki və ya kimyəvi liflərlə istifadə olunan məhsullardır. Geyinilə bilən hər şeyi və bəzi bəzək məhsullarını özündə birləşdirən istehsal sektorudur) sahəsində özünü göstərirdi. Onlar zatən öncədən bloklanmışdı, indi isə bu digər məhsullara şamil olunur”.


Marektoloq qeyd edib ki, ölkədə vergi, gömrük yükünün yüksək olması və peşəkarlığa nisbətdə əməkhaqların get-gedə artması fonunda ticari obyektlərin icarəsinin yüksək olması Azərbaycanda satış daha baha başa gəlir. Onun sözlərinə görə, Trendyoldan birbaşa Azərbaycana sifariş olunan malların bəzilərinə məhdudiyyət qoyulması bir növ yerli sahibkara dəstək məqsədilə həyata keçirilir: “Amma nəticədə yenə də alıcılar tərəfindəb bu narazılıqla qarşılanır. Çünki səbəb doğrudur. Müştəri dünənə qədər Trendyoldan 12 manata aldığı məhsulu indi yenidən qayıdıb 23-24 manata alacaq. Çünki artıq yerli sahibkar da bir qədər endirim edəcək. Bu proses ölkədə uğurlu bir bazar mühitinin formalaşması, doğru qiymətləndirmənin yaranmasına gətirib çıxara bilər”.


Məsələ ilə bağlı Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov isə bildirir ki, Bir çox məhsulların Azərbaycanda distributoru olduğu üçün, bir-başa Türkiyədən Azərbaycana ixracına icazə verilmir:


“Eyni vaxtda kilosundan asılı olmayaraq hələ ki, bağlama başı 59 TL çatdırılma olduğu üçün Trendyol ağır məhsulları aşkarladıqca Azərbaycana çatdırılmasını limitləyir. Təəssüflər olsun ki, Azərbaycana bir-başa çatdırılma edən vasitəçi şirkətlər çatdırılma sahəsində ixtisaslaşmadığı üçün məhsullar 10-15 günə Azərbaycana ancaq göndərə bilərlər. Yəqin ki, yaxın gələcəkdə çatdırılma qiymətlərinin qalxması ilə bərabər bu sahədə inkişaf edəcək”.


Aqil Qarayev